“Qəbələ”nin Baş Məşqçisi: Gürcüstanın Hücum Potensialı Türkiyə Yığmasından Daha Güclüdür
Gürcüstan milli komandası oyuna sakit başlamalıdır, çünki onların hücum potensialı Türkiyə yığmasından daha güclüdür. Bu fikirləri “Qəbələ” klubunun baş məşqçisi Kaxaber Sxadadze Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin ilk turunda bu gün baş tutacaq Türkiyə – Gürcüstan matçı haqqında danışarkən bildirib.
Gürcüstanlı mütəxəssis əlavə edib ki, Türkiyə komandası daha çox təcrübəyə malikdir: “Mənim üçün favorit komanda yoxdur. Hər iki komandanın öz üstünlükləri var. Türkiyənin üstünlüyü onun çox təcrübəli olmasıdır. Gürcüstan millisi isə bu turnirdə debüt edir. Oyunun necə başlaması çox önəmlidir. Türkiyənin İtaliya ilə oyununu izləmişdim. İtalyan baş məşqçi gəldikdən sonra onların müdafiədə daha diqqətli və yaxşı oyun sərgilədiklərini gördüm. Amma hələ ki, nəsə demək çətindir. Şanslar bərabərdir”.
Qeyd edək ki, F qrupunda mübarizə aparan Türkiyə və Gürcüstan milliləri arasında görüşün start fiti bu gün saat 20:00-da səsləndiriləcək.