Azərbaycan badmintonçuları Serbiyada keçirilən beynəlxalq yarışda böyük uğur əldə ediblər.
Yeniyetmə badmintonçularımız Serbiyanın Novı Sad şəhərində təşkil edilən “Serbian Youth International 2024” turnirində 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.
Bu möhtəşəm nəticə haqqında məlumat verən “Report” bildirir ki, 9 yaşadək badmintonçu qızların fərdi yarışında Mələk Təhməzli iki qələbə ilə qrup mərhələsini başa vurub və yarımfinala vəsiqə qazanıb. Həlledici görüşdə 3 setdə Kipr təmsilçisinə qalib gələn Mələk, turnirin qızıl medalını qazanıb.
Ömər Teymurlu isə 13 yaşadək oğlan badmintonçuların fərdi mübarizəsində böyük uğurla çıxış edib. Bu kateqoriyada 4 qələbə qazanan Ömər, finala qədər irəliləyib, lakin finalda macar rəqibinə uduzaraq gümüş medalla kifayətlənib.
13 yaşadək oğlan badmintonçuların qoşa yarışında da Azərbaycan təmsilçiləri gümüş medal qazanıblar. Yarışa 1/8 finaldan başlayan Ömər Mehdi və Ömər Teymurlu tandemi ardıcıl 3 qələbə ilə finala yüksəlib. Finalda macarıstanlı rəqiblərinə məğlub olan idmançılarımız bu kateqoriyada ikinci olublar.
İsmayıl Qarayev və Həsən Məmmədov isə 11 yaşadək oğlan badmintonçuların qoşa yarışında bürünc medal qazanıblar. Bu nəticə ilə, Azərbaycan badmintonçuları beynəlxalq arenada növbəti uğurlarını təsdiqləmiş oldular.