Almaniya və Şotlandiya AVRO-2024 Açılış Matçında Qarşılaşacaq
Bu gün start götürəcək Avropa çempionatının açılış matçında Almaniya və Şotlandiya yığmaları üz-üzə gələcək. Bu komandalar böyük turnirlərdə üçüncü dəfə qarşılaşacaq.
1986-cı il dünya çempionatında (2:1) və AVRO-1992-nin qrup mərhələlərində (2:0) Almaniya qalib gəlib. Britaniyalılar bu rəqibləri ilə son 13 matçda sadəcə bir dəfə qalib gəliblər, bu qələbə 1999-cu ildə Bremendəki yoldaşlıq görüşündə (1:0) əldə olunub.
Almaniya millisi tarixində 14-cü dəfə Avropa çempionatlarında iştirak edəcək. Bu göstəricidə rekorda sahib olan yığma 3 dəfə çempion olub və bu baxımdan İspaniya ilə birlikdə rekorda şərikdir.
Bundestim dördüncü dəfə böyük turnirə ev sahibliyi edir. 1974-cü ildə dünya çempionatında qızıl medallara sahib çıxan yığma, 1988-ci ildə Avropa çempionatında yarımfinalçı olub, 2006-cı ildəki dünya çempionatında isə bürünc medal qazanıb. Böyük turnirlərdə çıxdığı son 12 qarşılaşmada qol buraxan Almaniya sonuncu dəfə AVRO-2016-da, Slovakiya ilə oyunda qapısını toxunulmaz saxlaya bilib.
Şotlandiya yığması dördüncü dəfə (1992, 1996 və 2021) Avropa çempionatında iştirak edəcək. Yığma indiyədək qrup mərhələlərini keçə bilməyib. Avropa çempionatlarındakı son 9 oyunun sadəcə ikisində qalib gələn şotlandlar bu görüşlərin 6-da qol vura bilməyiblər.
Qeyd edək ki, Almaniya və Şotlandiya arasında keçiriləcək XVII Avropa çempionatının açılış oyunu bu gün, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. AVRO-2024 iyulun 14-də başa çatacaq.