Azərbaycanın 3 boksçusu Avropa birinciliyində növbəti mərhələyə adlayıb
Azərbaycanın 3 gənc boksçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmələr arasında Avropa birinciliyində növbəti mərhələyə adlayıb. Bu barədə məlumatı Azərbaycan Boks Federasiyası “Report”a verib.
Nihat Qasımov (48 kq) 1/16 finalda Rusiya təmsilçisi Vaxtanq Jamkoçyan ilə qarşılaşıb və onu 3:2 (28:29, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib. Qasımov ikinci görüşündə ilk mərhələdən azad olan İngiltərəli Corc Frensislə üz-üzə gələcək.
Rza Rzayev (70 kq) də Avropa birinciliyinə qələbə ilə başlayıb. O, 1/8 finalda Yunanıstanlı Petros Topalosu məğlub edib – 3:2 (29:28, 29:28, 28:29, 28:29, 29:28). Növbəti döyüşündə Rzayev italiyalı Tiberio Nokadello ilə qarşılaşacaq.
Səftər Məmmədzadə (+80 kq) 1/8 finalda İsrail təmsilçisi Erik Lalmiyev ilə gücünü sınayıb. Rəqibini 5:0 (29:26, 29:25, 29:26, 29:26, 29:26) hesabı ilə məğlub edən Məmmədzadə növbəti mərhələyə yüksəlib. O, 1/4 finalda Polşa təmsilçisi Boqdan Bajzert ilə döyüşəcək.
Qeyd edək ki, Avropa birinciliyi iyunun 30-da yekunlaşacaq. Azərbaycanlı boksçuların növbəti mərhələdəki çıxışları ölkəmiz üçün böyük ümidlər vəd edir.